Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

1998-ci il martın 31-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədi ilə "20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında fərman vermişdir. 2000-ci il yanvarın 17-də 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə bir milyon Azərbaycan manatı məbləğində birdəfəlik yardım ödənilmişdir.

Faciənin şərəfinə Bakıda keçmiş "XI Qızıl Ordu" metrosu 20 Yanvar metrostansiyası, Suvorov küçəsi "20 yanvar" küçəsi, Bərdə rayonunda park adlandırılmışdır.20 yanvar — Ümumxalq Hüzn Günü olduğundan, hər il Azərbaycanın idarə, müəssisə və təşkilatlarında iş günü hesab edilmir və onun əvəzinə anım mərasimi keçirilir. 2015-ci ilin 15 yanvar tarixində Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində "20 Yanvar Şəhidləri Bulağı"-nın açılışı keçirilib.

20 Yanvar faciəsi barədə daha ətraflı öyrənmək üçün www.20january.az saytına daxil omğınızı tövsiyyə edirik.