Təhsil sahəsində ölkənin ən iri korporativ intranet şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) fəaliyyətə başladığı ilk gündən etibarən təhsil müəssisələri üçün geniş inkişaf perspektivləri yaradır. ATŞ-ə daxil olan ümumtəhsil müəssisələri və təhsil qurumları qabaqcıl informasiya-kommunikasiya texnologiyaları ilə sistemli şəkildə təmin olunur, bu isə ümumilikdə təhsil sisteminin İKT təchizatının yaxşılaşdırılması ilə yanaşı, təhsil müəssisələrində aparılan tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə də müsbət təsir göstərir.

Azərbaycan Təhsil Şəbəkəsinin telekonfrans imkanları sayəsində ölkənin təhsil ocaqları arasında bilik mübadiləsi sürətlənir

Günümüzdə İKT-nin tətbiqi imkanları o qədər genişdir ki, artıq istənilən prosesin həyata keçirilməsində fiziki məsafələr baryer olmaqdan çıxır, bir-birindən uzaqda yerləşən subyektlərin telekommunikasiya vasitələrindən istifadə etməklə canlı ünsiyyət qurması mümkün olur. Bu cür imkanlar Azərbaycan Təhsil Şəbəkəsində də mövcuddur – belə ki, ATŞ-nin təmin etdiyi fundamental üstünlüklərdən biri də təhsil müəssisələri arasında real zaman rejimində şəbəkə üzərindən telekonfrans rabitəsinin yaradılması imkanıdır. Bu gün vahid təhsil şəbəkəsi olan ATŞ-ə qoşulu olan məktəblərdə şəbəkənin telekommunikasiya imkanlarından yararlanaraq tədrisin audiovizual kanallar üzərindən aparılması mümkündür ki, bu da təhsil müəssisələri üçün tədrisi daha qabaqcıl və interaktiv metodlarla təşkil etməyə şərait yaradır.  

Bu baxımdan, ATŞ-nin təqdim etdiyi telekonfrans imkanları xüsusilə regionlarda yerləşən təhsil ocaqları üçün böyük əhəmiyyət kəsb edir və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində bu müəssisələrə bir sıra üstünlüklər təqdim edir. Belə ki, ATŞ-ə qoşulmuş əyalət məktəblərində ölkənin digər regionlarında və paytaxtda fəaliyyət göstərən məktəblərdə çalışan aparıcı pedaqoqların dərslərinin videokonfrans xidməti sayəsində vahid şəbəkə üzərindən canlı yayımının təşkili yolu ilə tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə nail olmaq mümkündür.

Bir sözlə, məhz ATŞ-nin təqdim etdiyi audiovizual telekommunikasiya həlləri ölkənin təhsil müəssisələri arasında bilik mübadiləsinin intensivləşməsində, eləcə də ayrı-ayrı bölgələr üzrə tədris prosesində yarana biləcək boşluqların aradan qaldırılmasında mühüm rol oynayır.   

Azərbaycan Təhsil Şəbəkəsi məktəblərdə “E-Twinning Plus” layihəsinin uğurlu icrasını təmin edir 

Azərbaycanın beynəlxalq müstəvidə qoşulduğu “E-Twinning Plus” layihəsinin ölkədə icrasında ATŞ-nin imkanlarından geniş istifadə edilir. Başlıca məqsədi Avropa ölkələrində fəaliyyət göstərən təhsil müəssisələri arasında qarşılıqlı əlaqənin yaradılması və sərhədlərarası müştərək tədris modellərinin tətbiqi olan bu layihədə Azərbaycan 2013-cü ildən etibarən iştirak edir. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə üzrə indiyədək 480-dən artıq təhsil müəssisəsinin qoşulduğu layihədə region məktəbləri aktiv iştirak edir. Hazırda “E-Twinning Plus” layihəsinin fəal iştirakçıları olan İsmayıllı, Gəncə, Lənkəran, Şamaxı və digər regionlarındakı məktəblərdə təhsil alan şagirdlər və müəllimlər Yunanıstan, Türkiyə, İtaliya və s. Avropa ölkələrindən olan həmkarları ilə birgə mütəmadi olaraq videobağlantı üzərindən canlı dərslər təşkil edir, yeni məlumatlara və bacarıqlara yiyələnir və bununla da tədris prosesinin daha maraqlı və interaktiv gedişatı təmin olunur. Vurğulamaq lazımdır ki, əcnəbi təhsil müəssisələri ilə ünsiyyət prosesi bütünlüklə rəqəmsal texnologiyaların köməyilə baş verir, bu isə Azərbaycan Təhsil Şəbəkəsinin texniki imkanlarını ön plana çıxarır.

Beləliklə, ATŞ-nin milli təhsil sistemi üçün faydası sadəcə təhsil müəssisələrinin texniki resurs və imkanlarla təmin edilməsi ilə bitmir, eləcə də yeni tədris modellərinin təşəkkül tapması və ümumilikdə təhsildə səmərəliliyin, operativliyin və keyfiyyətin artması ilə səciyyələnir.

Azərbaycan Təhsil Şəbəkəsi haqqında qısa məlumat:

Azərbaycan Təhsil Şəbəkəsi – ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları (Təhsil Nazirliyi və tabe qurumları) vahid şəbəkədə birləşdirən ən iri təhsil intranet şəbəkəsidir. İcrasına 2008-ci ildə “2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində başlanılmış layihə hazırda ölkə üzrə 2700-dən artıq təhsil müəssisəsini əhatə edir. Şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 85%-nə və pedaqoji heyətin 73%-nə faizinə bərabərdir. Operatoru “AzEduNet” MMC olan Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.